Fotoalbom

Bu gecə yenə də bir özgəsiylə...

Hər gecə boynumda öpüş ləkəsi,
Özgə yatağından durub gəlirəm!
Kimsə bu ləkəni görməsin deyə,
Təlaşla boynumu burub gəlirəm!

Hər gecə sevişmək adətim olub,
Hər gecə həsrətlə sevişirəm mən.
Yoxluğun ömrümün qəsdinə durub,
Sənsiz səadətlə sevişirəm mən.

Yenə də boynumda özgə dodaqdan,
Yanğıyla süzülən öpüş ləkəsi...
Yenə yad qolların arasındayam,
Yenə gözlərimdə həsrət kölgəsi...

Dilim özgələrə toslar söyləyir,
Yadlar şərəfinə şərablar içir!
Qəbim qədəhini sənə qaldırır,
Sənin şərəfinə əzablar içir!

Hər səhər utanıb özüm-özümdən,
Səni düşünürəm, səni, sevgilim!
Səni unutmaqçün sevişirəm mən,
Nə olar bağışla məni, sevgilim!

Bəlkə xəyanətdir etdiyim sənə,
Bəlkə də beləcə unutmaq olar!?
Məni töhmət etmə bu xəyanətlə,
Olmayan sevgidə xəyanətmi var?

Getdikcə çoxalır məşuqələrim,
Hərəsi bir ləkə salır boynuma.
Bütün sevişmələr günahsız olur,
Tək sənin günahın qalır boynuma.

-Gecə keyf içində nəşələnmisən!?
Deyib gülümsəyir dostlar, tanışlar!
Dilim "hə" desə də, qəlb pıçıldayır:
Sənsiz sevişməyin nə mənası var?!

Bu gecə yenə də bir özgəsiylə...
Öpüşlər boynuma ləkə salacaq!
Səhər ayılaram utanc içində,
Mənə sənsizliklə ləkə qalacaq!

Hiç yorum yok:

Yorum Gönder