Fotoalbom

Haqqında

     Orxan Elsevər oğlu Bahadırsoy 1993-cü il avqust ayının 4-də, Lerik rayonun Hamarmeşə kəndində doğulmuşdur. Orta təhsilini Bakı şəhəri, Qala qəsəbəsi, 92 saylı tam orta məktəbdə başa vurmuşdur. Həmin il Azərbaycan dövlət Neft Akademiyasının Tibbi texnologiya mühəndisliyi ixtisasına daxil olmuş, daha sonra buradakı təhsilini yarımçıq saxlayaraq Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Dram Teatrı aktyorluğu fakültəsinə qəbul olunmuşdur.
    Yaradıcılığa 2007-ci ildə, “Gülüş olmasa” adlı şeirlə başlamışdır. Sonralar “Ümid dilənçiləri”, “Qəribə şəhərdir Bakı”, “Görüşərik haçansa”, “Unutmaq öyrət mənə”, “Ağlat məni bu gecə”, “İnsana bənzəyirik”, “Mən insan gəzirəm”, “Özündən qoru məni”, “Gəl, yığışdır köçünü”, “Mənim süd dişlərim”, “Əcnəbiyə bənzəyirəm”, “Öldür məni, İlahi!” kimi çoxlu şeirlər yazır. Şeirlərlə yanaşı poemalar da işləməyə başlayır və “Əmanət Vətən” , “Bir xəyalda Müşfiqlə” , “Qaraçı taleyi” , “Gözü yolda qalanlara” , “Mənim babam”, “Aktyor taleyi” poemalarını qələmə alır. “Haqqı səsləyən insan” şeiri ilə “İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir” adlı müsabiqədə qalib olmuşdur.
    “Gedirəm”, “Ağlat məni bu gecə”, “Ayrılıq bizləri hara apardı”, “Hirsliyəm”, “Bu gün sənin ad günündür”, “Vahid Azərbaycan” və başqa şeirlərinə bir sıra bəstəkarlar tərəfindən musiqilər bəstələnmiş və müxtəlif ifaçılar tərəfindən oxunmuşdur.
     2009-cu ildə ilk pyesi olan “Bəxtsiz gəlin” faciəsini yazmışdır. Bundan sonra mütəmadi olaraq “Günahkar”, “Ömrün iki dünyası” , “Həyat bizi sınayır” , “Müqəssirin xəyanət tablosu” , “Yeni Tanrının ədaləti” , “Günahsız məhkumlar” , “Sadə ölüm oyunu” , “Səhnə Tanrısı” , “Mənə dəli deyirlər” , “Mənim qadınlarım”, “Qoca sevgililər”, “Böhtan”, “Belə dünya”,“Madmazel, Şanel” və başqa pyesləri yazır.
    Müəllifin bunlarla yanaşı bir neçə kiçik həcmli hekayələri də var. İlk hekayəsini orta məktəb illərində yazır. “Tənha damlalar” adlı ilk hekayədən sonra, “Çiçəklənən yaralar”, “Aşıq eşqi”, “Qəzəbli çay”, “Eybəcər, yaşlı qadın”, “Dünyadan gizli romanım”, “Qızıl Qapıda intahar” kimi bir neçə hekayələr yazmışdır. “Qəzəbli çay” hekayəsi Ekologiya və Təbii sərvətlər nazirliyinin, Təhsil nazirliyinin və Gənclər və İdman nazirliyinin birgə keçirdiyi “Təbiəti qoruyaq” adlı müsabiqənin müəllif yazısı nominasiyası üzrə qalibi olmuşdur.
    İlk yazdığı roman “Ürək məzara dönəndə” romanıdır. Bundan sonra “Fahişə mələklər”, “İlanlar da sevə bilir”, “İblis mənim sevgilimdir”, “Varlı dilənçi”, “Günahdır səni sevmək”, “Tarixi satan məhbus”, “Xəstə məhəbbət və ya Ölümcül seks” romanlarını yazır.
    Orxan Bahadırsoy çox erkən yaşlarından aktyor kimi fəaliyyət göstərməyə başlayır. Hələ 2007-2008-ci illərdə oxuduğu orta məktəbdə keçirilən tədbirlərdə müxtəlif rollarla səhnəyə çıxmış, aparıcılıq və ssenaristlik etmişdir. Daha sonra xalq teatrında və bir sıra peşəkar səhnələrdə iştrak etmişdir. Bir neçə bədii qiraət müsabiqəsinin qalibi olmuşdur. Səhnəyə olan maraq və sevgisi onu İncəsənət Universitetinə gətirib çıxarmışdır.
   Nüsrət Kəsəmənli, Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiq, Cabir Novruz, Cəfər Cabbarlı, Hüseyn Cavid və başqa görkəmli ədiblərlə yanaşı öz şeirlərini də müxtəlif tədbirlərdə, konsert proqramlarında qiraət etmiş və bu şeirlərin bir neçəsi səsyazma olaraq lentə alınmış, geniş dinləyici kütləsi qazanmışdır.
   “Ölülər” (C.Məmmədquluzadə) Kefli İsgəndər, “Sadə ölüm oyunu” (O.Bahadırsoy) Fərid, “Məlikməmməd” (xalq nağılı) Məlikməmməd, “Səni kim unudar” (M.İskəndərzadə) Mikayıl Müşfiq, “Ana” (H.Cavid) Orxan, “Unuda bilmirəm” (İ.Əfəndiyev) Kamran, “Qaçaqlar” (Şiller) Şpigelberq, “Xocalı fəryadı” (M.Dilbazi) Fərhad, “O qızın göz yaşları” (Z.Yaqub) Təvəkkül, “Mənim sevimli dəlim” (E.Əfəndiyev) Ədəbi işçi, “Rəhmə gəl, mələyim” (Q.Rəsulov), “Naməlum qadının məktubu” (S.Sveyq) Kişi və başqa rolları məharətlə oynamışdır.
    Bütün Türk dünyasının teatrı olan Turan teleteatrının açılışı Orxan Bahadırsoyun qələmə aldığı “Hələ varıq, olacağıq, qalacağıq, artacağıq” adlı ədəbi-bədii kompozisiya ilə olmuşdur. Rəşid Behbudov adına mahnı teatrının səhnəsində nümayiş olunan və rejissor-aktrisa Səmimə Səlimovanın quruluş verdiyi tamaşa Xocalı Soyqırımına həsr olunmuş və nüfuzlu tamaşaçı auditoriyasının qarşısında oynanılmışdır. Müəllif özü də bu tamaşada rol almışdır.
    İlk kitabı 2013-cü ilin dekabr ayında nəşr olunmuşdur. Nəşr olunan “Fahişə mələklər” adlı romanı ilə bir xeyli oxucu kütləsi qazanan müəllifin ikinci kitabı – “Günahdır səni sevmək” adlı romanı 2014-cü ilin yay mövsümündə işıq üzü görəcək.
    Yazılarına görə 2013-cü ildə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür. Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının üzvüdür.

Aktyor, ssenarist, şair, yazıçı və dramaturq kimi fəaliyyət göstərir.