Danış mənə-
  Nələr oldu, nələr keçdi?
  Gələcəyə nələr qaldı,
  danış mənə!
  Sən susduqca bu sevgidə,
  Cavan eşqim mələr qaldı,
  danış mənə!Danışdığın yalanları bir də danış!
  O qurduğun xəyalları, arzuları, planları bir də danış!
  Təbiətdən,
  Məhəbbətdən
  Məni sənsiz ağlar qoyan
  Bu həsrətdən 
  danış mənə!
  Mələklərdən danış mənə!
  Aşiqləri ayrı salan 
  Fələklərdən danış mənə!
  Vaxtsız solan çiçəklərdən danış mənə!
  Danışdığın nağılları bir də danış!
  Bu kədəri, bu nisgili, bu qubarı bir də danış!
  Susma, danış!
  Bir lal kimi sakit-sakit bu halımı pusma, danış!
  Gəzdiyimiz o yerləri,
  Aramızda sonsuzadək bağlı qalan o sirləri, 
  Eşqimizə şahid olan ulduzlardan,
  Sənə, mənə, sevgimizə qəh-qəh çəkən o qızlardan
  danış mənə!
  Tanrılardan danış mənə!
  Yerə endir məhəbbətin Tanrısını!
  Ona danış ürəyimin ağrısını!
  Göyə danış, 
  yerə danış, 
  suya danış,
  aya danış
  ürəyimin ağrısını!
  Danış mənə!
  Bu alovlu məhəbbətin 
  əvvəlini,axırını, 
  gedişini, axarını
  danış mənə!
  Susma danış! 
  Bu lallığı öz dilinə
  qısma danış!
  Yenə danış!
  Mənə danış!
  Danış mənə!
Hiç yorum yok:
Yorum Gönder