Gəl, yığışdır köçünü,
Nəyin varsa yığ apar!
Gör neçə yalan ümid,
Gör neçə xatirə var!
Bürümüsən evimin hər küncünü!
Gəl, yığışdır köçünü!
Hamısını götür özünlə -
O dediyin sözləri,
Qəlbimdə buraxdığın
Od-alovlu izləri,
Sənə yazdığım şeirləri də.
Sənə aid bir nişan da
Qoyma geridə!
Sənli günlərimi də
Gəl, sil həyatımdan!
Neyləyirsən elə
Özünü çıxar yadımdan.
Xatırlamaq istəmirəm
Səni tanıdığım günü!
Gəl, yığışdır köçünü!
Əli dolu gəlmişdin –
Əli boş getmə barı!
Sevgi, ümid, pərəstiş -
O boş-boş xəyalları...
Gətirdiyin hər şeyi
Götür apar özünlə!
Məni heç dinləmədin,
Barı gedəndə dinlə!
İstəmirəm mən bu qonaq payını,
Səni qonaq bilmədim!
Sən ömürlük qəlbimə
Yoldaş olarsan dedim!
Yanılmışam, bağışla!
Bax elə bu soyuq qışla,
Bu qarla, yağışla,
İtil, rədd ol həyatımdan!
Aç bəxtimə vurduğun
Bu cadugər düyünü!
Gəl, yığışdır köçünü!
Tikə-tikə səpilmisən
Ömrümün hər yanına!
Qoy özgələr indi sənin
Od ələsin canına!
Səni məst olmaq üçün
İçmişəm şərab kimi!
Zəhərlisən, sevgilim,
Yandırırsan içimi.
Gəl, çıxar bədənimdən
Götür apar özünü!
Gəl, yığışdır köçünü!
Şəklin də baxır mənə
Dönürsən göz yaşıma!
Çaşıb sənin şəklini
Vuralar baş daşıma!
Sonra yasıma gələr
Neçə dostlar, tanışlar!
Görərlər ölən mənəm
Amma sənindir məzar!
Qəbrimə də köçərsən
Qoymazsan, rahat öləm!
Bəsdir izlədin məni
Burax, özümə gələm!
Ölmüş xatirələrə
Özün götür ölçünü!
Gəl, yığışdır köçünü!
Mənə nağıl danışdın,
İnandım nağılına!
Görən necə uymuşam
Sənin uşaq ağlına?
Uşaq nağıllarında
Göydən üç alma düşür....
Biri sənin
Biri mənim
Biri nağıl deyənin payına düşür!
Bu nağılın sonunda
Düşdü həmin almalar.
Birində sevgi, birində yalan
Birində ayrılıq var!
İstəmirəm,
Qoy, üçü də sənin olsun!
Gəl, apar hər üçünü!
Gəl, yığışdır köçünü!
Hiç yorum yok:
Yorum Gönder