Niyə qaçıb getdin belə uzağa?
Bir ünvan da yoxdur axtarım səni!
Gedim dünənimə tutum əlindən,
Sənsiz bu günümə qaytarım səni!
Bir zərrə toz olub ətəklərində,
Ömürlük ləkə tək qala biləydim!
Quş olub uçaydım, qanadlarımla,
Səni uzaqlardan ala biləydim!
Hər dəfə adını sayıqlayanda,
Səsimə səs versən qəlbim sevinər!
Bizim sevgimizə badə qaldırıb,
Göydən mələklər də dünyaya enər!
Sənə oxuduğum o nəğmələri,
Sənsiz oxumaqdan yorulub dilim!
Getdin, öz arxanca sürüdün məni,
Məni mənə qaytar, mənə sevgilim!
Sən yoxa çıxmısan yerin üzündən!
Həsrətlə baş-başa qoymusan məni!
Bilmirəm bu sonsuz kainatda mən,
Özümü axtarım yoxsa ki səni!?
Hiç yorum yok:
Yorum Gönder