Fotoalbom

Sarı gəlin

Oxu sarı gəlinim
Dinsin könlün qübarı...
Səsin bağrımı dəlsin,
Qalsın ömür də yarı!
Susma sarı gəlinim
Dolan gəz dildən-dilə!
Sevindirmə düşməni,
Dərd danış gülə-gülə!

Sən Tömrisin qeyrəti,
Natəvan qəzəlisən!
Yurdumun əsir olan
Nazəndə gözəlisən!

Sən Nigarın, Həcərin
Laylasısan gəlinim!
Oxu səsinə qurban,
Səsin laylamdır mənim!

Məshəti rübaisi,
Qorqudun sazısan sən!
Yurdumun bəxti nakam,
Bəlalı qızısan sən!

Oxu ana dilimdə,
Səsini duysun dünya,
Vicdanından utanıb,
Bir yerə girsin dünya!

Sən xalqımın dilindən
Süzülən bir nəğməsən!
Oxu ədana qurban,
Niyə batdın qəmə sən?

Çıx dağların başına,
Oxu dərə uzunu!
Dolan gəl buralara
Bir də görüm üzünü!

Oxu səsinə qurban,
Səsin məni ağladır!
Bu nəğmən Qarabağda
Hər şəhidə layladır!

Oldum səni duyalı,
Bu nəğmənin xəstəsi!
Azərbaycan xalqının,
Ey ələmli bəstəsi!

Hiç yorum yok:

Yorum Gönder