Fotoalbom

Mənə bircə məktub yaz

Mənə bircə məktub yaz,
Mənə səndən danışsın!
O acı xatirələr,
Od götürüb alışsın!
Bir kəlmənə möhtacam,
Niyə yazmırsan axı?
Səni sevən könlümün,
Nə böyükmüş günahı?!

Səni öz sözlərimlə
İstəmirəm incidəm!
Bir soyuq xəyalındır
Gecələr mənə həmdəm!

Hər gecə xəyalınla
Mənə qonaq gəlirsən!?
Şirin-şirin danışıb
Əylənirsən, gülürsən!?

Bir də ayılıram ki,
Təkəm axı otaqda!
İlan kimi qıvrılıb
Kiçilirəm yataqda!

Belə dəli olmuşam,
Mən bu çağda, bu yaşda!?
Sənə aşiq olanın
Ağlı qalarmı başda!?

Sən elə zərifsən ki,
Toxunmağa qıymıram!
Sənsiz əzab çəkirəm
Amma sənə doymuram!

Sən sehirsən, ovsunsan,
Sən qəlbin tilsimisən!
Mənim üçün Tanrıdan
Gələn mələk kimisən!

Yalandır eşqin sənin,
Sən özün də yalansan!
Nə özgənin olansan
Nə də mənə qalansan!

İncimə bu sözümdən,
Əsəbimdən deyirəm!
Axı bilirsən səni,
Səndən çox istəyirəm!

Mənə bircə məktub yaz,
Biraz sevinim barı..
Unudum qoy bir anlıq
Bu əzablı anları!

Mən böyük bir romanlıq
Sevgi yazmışam sənə!
Bir məktubluq yazını
Niyə qıymırsan mənə!?

Mən səni zərrə qədər
Unuda bilməmişəm!
Mənə bircə məktub yaz,
Nə qədər ölməmişəm...!?

Hiç yorum yok:

Yorum Gönder