Fotoalbom

Səni sevdiyim qədər...

Mən sənin taleyinə yazılmayan yazıyam,
İcazə ver könlündə özümə yer qazıyam!
Sənin üçün ən ağır əzaba da razıyam,
Səni sevdiyim qədər təki sən də sev məni...
Danlasan töhmətin də olar iltifat mənə,
Sən azacıq sevinsən gülər kainat mənə!
Məhkumluq da gətirsə, səninlə həyat mənə,
Səni sevdiyim qədər təki sən də sev məni...

İçinə sığmadığım bu dünyada təkəm, tək!
Sənin üçün kiçilib, sənə sığıb bu ürək!
Əlini ver əlimə, çıxıb bu yerdən gedək,
Səni sevdiyim qədər təki sən də sev məni...

İçim tənhalıq dolu, yox bu dərdə şərikim!
Məni səndən savayı, söylə, kim anlayar, kim?!
Tənhalıq ağrısından qoyma ki, əzab çəkim,
Səni sevdiyim qədər təki sən də sev məni...

Yağ üstümə yağıştək, tamam səndə islanım!
Nəfəsindən alov tök üstümə yanım, yanım!
İstəsən ayağında qurban kəsilsin canım,
Səni sevdiyim qədər təki sən də sev məni...

Elə bilmə bu sevgim ötəridir, həvəsdir!?
Sənsiz quru canım da mənə odlu qəfəsdir!
Ürəkdən söylədiyin bir xoş sözün də bəsdir,
Səni sevdiyim qədər təki sən də sev məni...

Söylə, neyləyim, gülüm, məni sevəsən deyə!?
Qorxuram sevməyim də sənin xətrinə dəyə!
Razıyam qollarında əzilərək ölməyə,
Səni sevdiyim qədər təki sən də sev məni...

Aşiqlikdən xəyalım tənha it kimi hürür!
Sənsiz uzanacaqsa, yarıda bitsin ömür!
Məni həsrətinlə yox, barı, eşqinlə öldür,
Səni sevdiyim qədər təki sən də sev məni...

Hiç yorum yok:

Yorum Gönder