Bu gecə yoluna göz dikə-dikə,
Yorğun gözlərimin yuxusu gəlir.
Yağır dəli dolu, bax, tikə-tikə,
Havadan hicranın qoxusu gəlir!
Ayrılıq yağışı yuyur bizləri,
Göydə mələklər də ağlayır bizə.
Yuyur qəlbimizdə qalan izləri,
Buludlar yas tutub bu sevgimizə!
Bəlkə də sevgimiz çıxıb yadından,
Ağır bir təlatüm saldın canıma!
Pəncərəm tərləyir həsrət odundan,
Günəşin nə vaxtdır gəlmir yanıma!
Kor olmuş gözlərin görə bildimi,
Ürəyimdə nələr bitirmişəm mən!?
Səni bu yollarda tapdığım kimi,
Səni bu yollarda itirmişəm mən!
Yenə bu yollara gözümü dikib,
Yenə gözləyirəm, döy pəncərəmi!
Gecə də, gündüz də adanı çəkib,
Səni çağırıram, eşitmədinmi?
Kədərli-kədərli gözlərim gülür,
Səndən nələr-nələr var ürəyimdə!
Qarşıdan növbəti ad günün gəlir,
Sənə hədiyələr var ürəyimdə!
Gör bir nələri var bu məhəbbətin,
Bir dəfə insaf et, boylan, bax geri!
Təzəcə yeriyən körpələr təkin,
Təzədən ayaq aç, təzədən yeri!
Atıl ləngərləyən tər beşiyindən,
Sevinə-sevinə yanıma qaç, gəl!
Eybi yox, qaçaq düş ev eşiyindən,
Yenidən qəlbimə sən ayaq aç, gəl!
Təki ağlamasın daha buludlar,
Mənim buludlara yazığım gəlir!
Həsrətin ağrılı bir yağışı var,
Sevimli Günəşim səni gözləyir!
Hiç yorum yok:
Yorum Gönder